Azərbaycanda körpə ölümlərinin sayında artım müşahidə edilir. Təkcə Zaqatala rayonunda qısa müddətdə 4 yeni doğulmuş körpənin ölüm faktı qeydə alınıb.
Xezerxeber.az-ın məlumatına görə, körpə ölümlərinin artmasını statistik məlumatlar da təsdiqləyir. Bəs körpələrdə ölüm faktı daha çox hansı səbəblərdən yaranır?
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il bir yaşınadək körpələr arasında 2039 nəfər ölüb. Bu da son 25 ilin ən yüksək göstəricisi hesab olunur. 2023-cü ildə ölkə üzrə bir yaşınadək həyatını itirən uşaqların sayı 2022-ci ilə nisbətən iki dəfədən çox artıb.
Ötən il ölən 2039 körpənin 1287-si perinatal dövrdə meydana çıxan hallar səbəbindən dünyasını dəyişib. Həmçinin tənəffüs sistemi xəstəlikləri səbəbindən 187, anadangəlmə anomaliyalardan 136, bəzi infeksion və parazitar xəstəliklərindən 47, sinir sistemi xəstəliklərindən 88, həzm sistemi xəstəliklərindən 18, digər səbəblərdən isə 259 körpə həyatını itirib.
Pediatr Günay Rəsulova deyir ki, körpələrdə xəstəliklərin vaxtında aşkarlanması üçün ən yaxşı üsul topuq testinin tətbiqidir.
Uşaqlardakı xəstəlikləri öncədən bilməyin digər yolu da körpə hələ ana bətnində olarkən müvafiq müayinələrin və testlərin aparılmasıdır.
Qeyd edək ki, mütəxəssislərin fikrincə, körpələrin peyvənd təqviminə uyğun peyvənd olunmaması da onları xəstəliklərə qarşı gücsüz edir və ölümlərinə gətirib çıxarır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.