Sabunçu rayonu, Zakir Bəhmənov adına 68 nömrəli orta məktəbin şagirdləri və onların valideynləri çətin vəziyyətlə üzləşiblər.
Xezerxeber.az-ın məlumatına görə, həmin məktəb iki il əvvəl yanıb.
Valideynlər bildirirlər ki, məktəb yandıqdan sonra şagirdlər digər təhsil müəssisələrinə yerləşdiriliblər. Ancaq həmin məktəblər uzaqda yerləşir.
Uşaqlarının məktəbə getməsi üçün bəzi valideynlər nəqliyyat vasitəsi sifariş ediblər, amma valideynlərin bəzilərinin buna imkanı çatmır.
Valideynlər həmçinin bildirirlər ki, yanmış məktəbdə təmir işləri ləng gedir. 2022-ci ildən bu yana məktəbin ancaq fundamenti tökülüb.
Bildirilir ki, dəfərlərlə məktəbin 1 aya, 5 aya tikilib təhvil veriləcəyi deyilib.
Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, 68 nömrəli tam orta məktəbin binasının sökülərək yenidən tikintisi və əsaslı təmiri həyata keçirilir. Layihədə baş verən dəyişikliklə əlaqədar prosesdə qısamüddətli fasilə yaranıb. Məktəbdə aparılan əsaslı tikinti işlərinin nəzərdə tutulan vaxtda başa çatdırılması planlaşdırılır. Hazırda ibtidai siniflər 215 nömrəli tam orta məktəbdə, V-XI siniflər isə 90 nömrəli tam orta məktəbdə II növbədə təhsillərini davam etdirirlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.