Qoyunçuluğun inkişaf dinamikasında azalma müşahidə edilir.
Statistikaya görə, bu ilin yanvar-sentyabr aylarında xırdabuynuzlu heyvanların sayı 7 milyondan bir az artıq olub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azdır.
Xezerxeber.az-ın məlumatına görə, mütəxəssislər bunu bölgələrdə 3-4 aylıq quzuların kəsimə verilməsi ilə əlaqələndirirlər. Elə heyvan əti satanlar da deyirlər ki, quzu ətinə tələbat digərlərindən çoxdur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin şöbə müdiri Qalib Əbdüləliyev ölkədə qoyun populyasiyasının inkişaf dinamikasındakı azalmanın səbəblərini açıqlayıb. O qeyd edib ki, buna səbəb iqlim dəyişiklikləri, torpaqların deqradasiyası və bazardakı tələb-təklifdir. Qalib Əbdüləliyev vurğulayıb ki, ən narahatedici məqamlardan biri də əhalinin damaq dadı və ət seçimində əsasən quzu ətinə üstünlük verməsidir. Bu da nəticə etibarilə qoyunçuluğun inkişaf perspektivlərinə mənfi təsir göstərir.
Qalib Əbdüləliyev qeyd edib ki, 3-4 aylıq quzu ətinin biokimyəvi tərkibində bir sıra tam yetkinləşməmiş molekullar var. Bu da insan orqanizmi tərəfindən tam həzm olunmur.
Mütəxəssis bildirib ki, müəyyən yaşa çatmış qoyunun ətinin tərkibindəki zəngin zülallar sayəsində bu məhsul daha dadlı və şirəli olur, tez həzm olunur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.