Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasının açılışı olub.
Xezerxeber.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə COP28-in Prezidenti Sultan Əhməd Əl-Cabir açıb.
COP28-in Prezidenti bildirib ki, COP29 Azərbaycanda növbəti uğurunu qazanacaq. Azərbaycanın "yaşıl dünya naminə" həmrəy olaq şüarına diqqət çəkən Sultan Ahmad Al-Jaber birlikdə əməkdaşlıq və tərəfdaşlığın vacibliyindən danışıb.
O, COP28 Prezidenti sədrliyini Azərbaycana ötürdüyünü də qeyd edib.
Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un Prezidenti seçilib.
Muxtar Babayev bildirib ki, COP29 çərçivəsində 2030-cu ilədək hədəflərin müəyyənləşdirilməsi vacib məqamlardandır. Muxtar Babayev iştirakçı ölkələri iqlim maliyyəsi üzrə məqsədlərə nail olmaq üçün səylərin birləşdirilməsinə çağırıb.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil çıxışında "İqlim fəaliyyəti" adlı təşəbbüsün işə salınacağını qeyd edib. O bildirib ki, Bakıda nəticənin əldə olunması son illərdə bu sahədə irəliyə atılan addımların məntiqi davamı olacaq.
“Son illər ərzində irəliyə bir sıra tarixi adamlar atılıb. Buna görə də biz Bakını nəticəsiz tərk edə bilmərik. Hazırda qlobal tərəfdaşlığın yenidən geniş vüsət aldığını göstərmək üçün mühüm fürsət yaranıb”, - deyə icraçı katib qeyd edib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.