Xəzər Xəbər

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayıb VİDEO

Veb TV | 21:48 • 7 Noyabr 2024
“28 May” Nəqliyyat Mübadilə Mərkəzi fəaliyyətə başlayıb

"28 May" Nəqliyyat Mübadilə Mərkəzi bugündən fəaliyyətə başlayıb.

Xezerxeber.az-ın məlumatına görə, sərnişinlərin rahatlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaradılan yeni nəqliyyat mübadilə mərkəzində geniş piyada zonaları və mikromobillik zolaqları salınıb, nişanlanma xətləri çəkilib. Həmçinin elektrik avtobusları üçün enerji doldurma stansiyaları quraşdırılıb.

Mobilliyin transformasiyası proqramı çərçivəsində sözügedən ərazidə ilk dəfə yeni nəsil piyada işıqforları yerləşdirilib. Bu işıqforlarların piyada bölməsinin alt hissəsinə led işıqlar quraşdırılıb.  Nizamlayıcının qırmızı işığı yandığı zaman axşam saatlarında dirəyin aşağı hissəsi piyadaların diqqətini cəlb edəcək səviyyədə eynirəngli işıqla işıqlandırılır.

Ümumilikdə, Azadlıq prospekti ilə Füzuli və Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində yeni kabel-kommunikasiya xətləri çəkilməklə 13 ədəd avtomobil, 3 ədəd velosiped işıqforları quraşdırılıb.

Ərazidə yaradılan şərait orada piyadaların daha rahat hərəkət etməsinə imkan verir.

Nəqliyyat Mübadilə Mərkəzinin ərazisinə şəxsi avtomobillərin girişi qadağandır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti