Xəzər Xəbər

Bakıda uşaq evində qotur xəstəliyi yayılıb VİDEO

Veb TV | 22:00 • 5 Noyabr 2024
Bakıda uşaq evində qotur xəstəliyi yayılıb

Bakıdakı 3 saylı Uşaq Evində qotur xəstəliyinin yayıldığına dair məlumat paylaşılıb.

Xezerxeber.az-ın məlumatına görə, iddia ictimaiyyətdə ciddi narahatlığa səbəb olub.

Məsələ ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirlib ki, oktyabrın 23-də 1 nömrəli Uşaq Dəri-Zöhrəvi Dispanserinə 3 nömrəli Uşaq Evindən 5 uşaqla bağlı müraciət daxil olub. Uşaqlar tibb heyəti tərəfindən müayinə olunub və diaqnozu təsdiq etmək üçün laborator analizə yönəldiliblər. Analizlərin nəticələrinə əsasən, uşaqlara qoturluq diaqnozu qoyulub. Pasiyentlər 10 gün müddətində stasionar müalicə aldıqdan sonra laborator müayinələrə əsasən sağalma ilə yenidən uşaq evinə geri göndəriliblər. Hazırda uşaqlar müəssisəsədir. Onların səhhəti  ilə bağlı ciddi problem yoxdur.

Sosial Xidmətlər Agentliyindən isə “Xəzər Xəbər”ə bildirilib ki, bu ilin avqustunda sözügedən müəssisə Agentliyin hüquqi idarəetməsinə verilib. Digər müssisələrdə olduğu kimi, bu uşaq evinin sakinlərinin də sağlamlığı diqqətdə saxlanılır.

Həkim-ekspert Adil Qeybulla deyib ki, qoturluq gənə vasitəsilə yayılan bir xəstəlikdir. Onun sözlərinə görə, bu xəstəlik yoluxucu olur. Belə xəstəliklər epidemioloji, sanitar vəziyyətin pis olduğu yerlərdə daha çox yayılır. Yoluxucu  xəstəliklərinin qarşısının alınması məqsədilə bu tip xəstəliklərin aşkarlandıqları müəssisələrdə dizinfeksiya işlərinə diqqətlə yanaşılmalı, digər şəxslər təcrid olunmalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti