Bakıda işıqforun qırmızı işığında keçən marşrut avtobusu ağır qəzaya səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, Binəqədi rayonunda 4 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol qəzasında 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Avtobusun aid olduğu "Çinar Trans" MMC-dən "Xəzər Xəbər"ə bildirilib ki, hadisə dünən axşam saat 23 radələrində baş verib.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, avtobus yaşıl işıqla öz yoluna davam edən "Opel" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan avtomobilin hərəkətdə olan "Changan" və "Hyundai Santa Fe" markalı avtomobillərə çırpılması nəticəsində zəncirvari qəza baş verib. "Opel"in sürücüsü Azər Əyyubov və sərnişini Cavid Məmmədov qəza yerində həlak olub. "Changan"ın sürücüsü Babək Orucov isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Binəqədi RPİ-də cinayət işi açılıb, araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.