Xaçmaz rayonunda iki qadın göbələkdən zəhərlənib. Onların həyatını xilas etmək mümkün olmayıb.
Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Seyidli kəndində baş verib.
Məlumata görə, 47 yaşlı İlahə Bayramova və rəfiqəsi 39 yaşlı Günel Abdullayeva göbələk yedikdən sonra halları pisləşib. Onlar müalicə üçün Bakıya gətirilən zaman İlahə Bayramova yolda dünyasını dəyişib.
Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov zəhərlənmənin necə baş verməsi ilə bağlı təfərrüatları da açıqlayıb.
Məsələ ilə bağlı, TƏBİB-dən “Xəzər Xəbər”ə bildirildi ki, oktyabrın 28-i gecə saatlarında 1985 və 1977-ci il təvəllüdlü şəxslər göbələk zəhərlənməsi diaqnozu ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara ixtisaslı tibbi yardımın göstərilməsi üçün Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə təxliyəsinə qərar verilib. Təxliyə zamanı 1977-ci il təvəllüdlü şəxsin xəstəxanaya qədər ölüm faktı qeydə alınıb. 1985-ci il təvəllüdlü şəxs isə kəskin ağır və ekzotoksiki şok vəziyyətində Toksikologiya şöbəsinə çatdırılıb.
Bütün tədbirlərin aparılmasına və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.