Qəbələdə minik avtomobilinin digər nəqliyyat vasitəsinə çırpılması ölümlə nəticələnib.
Xezerxeber.az-ın məlumatına görə, ağır qəza Qəbələnin Böyük Əmili kəndində baş verib.
36 yaşlı Kamil Ağaquluyevin idarə etdiyi minik avtomobili yol kənarında dayanan kiçik tutumlu yük maşınına çırpılıb. Sürücü Kamil Quluyev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Sərnişini, 35 yaşlı Rusif Kərimov isə xəsarət alıb.
Kürdəmirdə isə eyni ərazidə baş verən iki qəzada 7 nəfər xəsarət alıb. Hadisə Bakı-Qazax yolunun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. Yevlax sakini, 34 yaşlı Qabil Əkbərli idarə etdiyi minik avtomobili ilə Gəncə istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib. Nəqliyyat vasitəsi yol kənarındakı beton maneəyə çırpılıb. Minik avtomobilində olan 3 nəfər xəsarət alıb. Maneədən qopan beton parçaları da yolun digər hissəsinə tökülüb. Bu zaman əks yolda hərəkət edən Ucar sakini, 48 yaşlı Alim Şüküralıyevin idarə etdiyi digər minik avtomobili həmin beton parçalarına çırpılıb.
Bu minik avtomobilində olan 4 nəfər xəsarət alıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.