Xəzər Xəbər

Bakıda yağışın fəsadları hələ də qalmaqdadır VİDEO

Veb TV | 20:42 • 26 Oktyabr 2024
Bakıda yağışın fəsadları hələ də qalmaqdadır

Bir neçə gün öncə yağan yağışın fəsadları Bakının qəsəbələrində hələ də qalmaqdadır.

Xezerxeber.az-ın məlumatına görə, Xəzər rayonunun Binə qəsəbəsində kanalizasiya olmadığı üçün yağış suları həyətlərə, evlərin zirzəmilərinə dolub.

Sakinlər deyirlər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət etmələrinə rəğmən, problemə bir çarə tapan olmayıb. Əlacsız qalan sakinlər ərazidən suyu öz gücləri hesabına çıxartmağa çalışırlar.  

Bənzər vəziyyət Xəzər rayonunun Buzovna qəsəbəsi, Ayna Sultanova küçəsində də yaşanır. Burada isə kanalizasiya xətti olsa da, küçələrdən su çəkilmir. Demək olar ki, bütün həyətlər yağış sularının altında qalıb və sakinlərin əşyaları yararsız hala düşüb.

Məsələ ilə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən "Xəzər Xəbər"ə bildirildi ki, vəziyyətdən xəbərdardırlar və mərhələli şəkildə yağışdan ziyan çəkən vətəndaşlara yardım etməyə çalışırlar.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə qeyd edildi ki, yığılan yağış sularını kənarlaşdırmaq üçün sukanal idarəsinin qəza briqadaları həmin ərazilərdə müvafiq işlər görürlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti