Yağış suyu Binəqədi rayonu, Gülüstan qəsəbəsində küçələrə, həyətlərə, hətta evlərə dolub.
Xezerxeber.az-ın məlumatına görə, sakinlər deyirlər ki, ərazidə kanalizasiya xətti olmadığı üçün yağış yağan kimi hər yanı su basır.
Sakinlər küçədə və həyətlərində hərəkət etməkdə çətinlik çəkdiklərini deyirlər.
Sakinlərin şikayəti ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ilə əlaqə saxladıq. Qurumdan qeyd edildi ki, kanalizasiya sistemi mövcud olmayan ərazilərdə qurumun sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası xidmətin tədbirlər planına uyğun olaraq mərhələli şəkildə aparılır. Sözügedən ərazidəki mövcud vəziyyətə gəlincə, qurumdan bildirildi ki, artıq qəza briqadası hadisə yerinə yollanıb və müvafiq tədbirlər görüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.