Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Mikayıl Hüseynov küçəsində 53 nömrəli avtobusun dayanacağının tərtib olunması burada yaşayan sakinlərin narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, marşrut xəttinin son dayanacağının yerinin dəyişdirilməsi sakinləri narazı salıb.
Kimisi səhər saat 6-dan pəncərəsinin önünə toplaşan sürücülərin səsindən, kimisi avtobusların yaratdığı səs-küydən, kimisi də ətrafa yayılan tüstünün evinin içinə dolmasından şikayətlənir.
“Xəzər Xəbər”in qaynar xəttinə şikayət edən sakinlər bildiriblər ki, sozügedən 53 nömrəli avtobus xəttinin son dayanacağı əvvəllər Səbail Rayon Polis İdarəsinin qarşısında idi.
Lakin təmir-tikinti işləri ilə əlaqədar olaraq müvəqqəti son dayanacağ sözügedən Mikayıl Hüseynov küçəsində tərtib olunub. Bu da narazılığa səbəb olub.
53 nömrəli avtobusun sürücü isə sakinlərin narahatlıqlarından xəbərdar olduğunu deyir.
Məsələ ilə əlaqədar AYNA-ya müraciət etdik. Qurumdan bildirildi ki, həmin məsələ istiqamətində işlər aparılıb.
53 nömrəli müntəzəm marşrutun son dayanacaq məntəqəsinin dəyişdirilməsi ilə bağlı əraziyə baxış keçirilib və marşrutun son dayanacaq məntəqəsinin dəyişdirilərək "Bayıl parkı"nın yaxınlığına dəyişdirilməsi AYNA tərəfindən uyğun hesab edilib.
Sözügedən ərazidə dayanacaq məntəqəsinin təşkili istiqamətində müvafiq işlər aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.