Bakının Yasamal rayonu, Əhmədov küçəsi 2 ünvanında yerləşən binada lift işləmir, su fasilələrlə verilir, mavi yanacaq yoxdur . Üstəlik, binanın nə fasadı, nə də tavanı tamamlanıb.
“Xəzər Xəbər”in qaynar xəttinə müraciət edən sakinlər iddia edirlər ki, binanın daxilində və ətrafinda təmir bərpa işləri yekunlaşmayıb.
Xezerxeber.az-ın məlumatına görə, 5 binadan ibarət olan yaşayış kompleksinin yalnız bir bloku hazırdır.
Sakinlər kompleksdə işıq, su və qaz təhcizatının rəsmi qaydada təmin edilməsi üçün dəfələrlə "Qlobal-SF" MMC rəhbərliyinə müraciət etdiklərini deyirlər.
Yasamal Rayon İcra Hahimiyyətindən isə bildirildi ki, Bakı Şəhər İcra Hakimiyyətinin 2008-ci il tarixli sərəncamı ilə Yeni Yasamal yaşayış massivində yerləşən torpaq sahəsində "Qlobal-SF" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə icazə verilib.
Şirkətin maliyyə çətinlikləri üzündən uzun illər tikinti işləri yarımçıq qalıb, yalnız bir binada işlər fasilələrlə davam etdirilərək başa çatıb. Lakin tam şəkildə tamamlanaraq istismara hazır vəziyyətə gətirilməyib. Vətəndaşlara bildirilib ki, qaldırdıqları məsələ mülkiyyətlə bağlı olduğundan tikinti şirkətinə qarşı məhkəməyə müraciət edə bilərlər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.