Qəbələdə odlu silahlardan açılan atəş nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Qəbələnin Zərgərli kəndində baş verib.
Ötən gün saat 21 radələrində kənd ərazisində 2 nəfərin ölməsi, 1 nəfərin isə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı Laza kənd sakini, 48 yaşlı Əlibaba Gəncimovun Zərgərli kənd sakini Akif Məmmədliyə məxsus fərdi yaşayış evinə silahla hücum edərək orada yaşayan 73 yaşlı Gülsadə Məmmədliyevaya atəş açaraq onu qəsdən öldürməsinə və onun nəvəsi 23 yaşlı Nurlan Məmmədliyevə xəsarət yetirməsinə, Nurlan Məmmədliyevin isə odlu silahdan atəş açaraq Əlibaba Gəncimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.
Yaralanan 23 yaşlı Nurlan Məmmədliyev dərhal xəstəxanaya çatdırılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.