Bakıdan Sumqayıtın qəsəbəsinə gedən avtobus xəttində qiymətlər sürücülər tərəfindən artırılıb. Bu isə sərnişinlərin narazılığına səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, sərnişin 502 saylı marşrutla Bakı Beynəlxalq Avtovoğzalından Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə 70 qəpik gediş haqqı ödəməklə gedəcəyi təqdirdə 80 qəpik ödəyir. Bu barədə “Xəzər Xəbər”in "qaynar xətti"nə şikayət daxil olub. Bildirilir ki, Sumqayıta işləyən 502 nömrəli avtobusun sürücüləri sərnişinlərdən artıq pul alır. Bununla bağla qəsəbə sakinləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) də müraciəti ediblər.
AYNA-dan sakinlərə bildirilib ki, 40 km-dək məsafə 70 qəpikdir. 502 nömrəli avtobusun məsafəsi 34 km-dır və 70 qəpikdən hesablanmalıdır.
Məsələ ilə bağlı 502 saylı marşrut xəttinin başlanğıc nöqtəsinə baş çəkdik. Məlum oldu ki, həqiqətən də sözügedən marşrut xətti üzrə Bakıdan adıçəkilən qəsəbəyə 70 yox, 80 qəpiyə gedirlər, qəsəbədaxili isə gedişhaqqı sürücülər tərəfindən tənzimlənir.
502 saylı marşrut xəttinin sürücüləri də təsdiq ediblər ki, gedişhaqqı 80 qəpikdir.
AYNA-dan sorğumuza cavab olaraq bildirildi ki, daşıyıcıya sürücülərin qiymət intizamına ciddi riayət etmələri barədə tapşırıq verilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.