Sosial şəbəkələrdə çətənə yağı və toxumu satılır.
Xezerxeber.az-ın məlumatına görə, “müxtəlif xəstəliklərin dərmanı” adı altında bu məhsulun açıq satışını həyata keçirirlər. Həmin şəxslərdən biri ilə əlaqə saxladıq. O deyir ki, çatdırılma ilə məhsulları əldə etmək mümkündür.
Həkimlərin sözlərinə görə, bu bitkinin satışına icazə verilən ölkələrdə yağının və toxumunun da satışı icra edilir. Allerqoloq Şahvələd Məmmədov deyir ki, bu məhsul xaricdə qida əlavəsi kimi yalnız həkim nəzarəti ilə qəbul edilir.
''Xəzər Xəbər''in sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirildi ki, məhsulun dərman kimi satışı Azərbaycanda qadağandır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən isə bildirildi ki, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satılması qadağan olunub. Bu əməli törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Həmçinun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə də cinayət məsuliyyəti daşıyır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə də sorğu ünvanladıq. Qurumdan məsələnin araşdırıldığı deyilsə də, iki gün ərzində heç bir cavab verilmədi.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.