Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verib. Son məlumatlara görə, yaralıların sayı 9-a çatıb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə şahidləri bildiriblər ki, partlayışa səbəb qaz sızması olub.
Hadisə ilə bağlı Baş Prokurorluqdan “Xəzər Xəbər”ə bildirilib ki, baş vermiş partlayışla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
TƏBİB-dən “Xəzər Xəbər”ə bildirilib ki, bu gün saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi səbəbilə çağırış daxil olub. 9 nəfər yaralanıb, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib.
FHN-dən isə bildirilib ki, partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib. FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.