Xəzər Xəbər

Sosial müavinət düzəltmək adı ilə dələduzluq edilib VİDEO

Veb TV | 20:51 • 7 Oktyabr 2024
Sosial müavinət düzəltmək adı ilə dələduzluq edilib

Sosial müavinət düzəltmək adı ilə dələduzluq edilib.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbə sakini Şəhla Məlikova iddia edir ki, iş yoldaşının sözünə inanaraq dələduzların tələsinə düşüb.

Ona sosial müavinət düzəldəcəyini deyən Hafiz adlı şəxs söyləyib ki, bunun üçün adlarına kredit tarixçəsi olmalıdır. Nəticədə də mağazadan kreditlə ümumi dəyəri 5 min manat olan 2 ədəd noutbuk alınaraq həmin şəxsə verilib.

Sadiq Məlikov deyir ki, bir müddət sonra onlarda şübhə yaranıb və yenidən noutbukların alındığı ünvanlara yaxınlaşıblar. Oradan isə ödənişli heç bir alqı-satqının həyata keçirilmədiyi, hər iki noutbukun dəyərinin bu ailə tərəfindən ödənilməli olduğu bildirilib.

Biz də dələduzluqda ittiham edilən Hafiz adlı şəxslə əlaqə saxlamağa çalışdıq. Lakin ona zəng çatmadı.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən "Xəzər Xəbər"ə bildirildi ki, ötən ayın 27-də vətəndaş Şəhla Məlikova Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət edərək bir nəfərin ona sosial yardım düzəldəcəyini vəd edərək, adına kredit yolu ilə müxtəlif texniki əşyalar, həmçinin nağd pul götürdüyünü, nəticədə həmin şəxs tərəfindən aldadılaraq maddi ziyana məruz qaldığını bildirib. Müraciət üzrə təhqiqat araşdırmaları başlanılıb. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib. Araşdırmalarla onun əvvəllər də dələduzluq cinayətinə görə məsuliyyətə cəlb edildiyi məlum olub. Hazırda iş üzrə araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Xəzər dənizində ZƏLZƏLƏ
17:00 • 28 Noyabr 2024