Ona hər gün axşam saat boy hormonu preparatı vurulmalıdır. Çünki 15 yaşlı bu uşağın somatotrop hormon çatışmazlığı var. Yeniyetmə əlillik qrupuna daxil olan bu diaqnozla bağlı bir neçə ildir ki, Dövlət tərəfindən qeydiyyata alınıb. Elə preparatı da Dövlət təmin edir. Ancaq anası bildirir ki, iyul ayından bəri həmin dərman verilmir.
Xezerxeber.az-ın xəbərinə görə, valideyn bildirdi ki, Respublika Endokrinoloji Mərkəzin verdiyi həmin dərman satışda yoxdur. Preparatın analoqunun 10 milliqramı təxminən 100 manatdır. Ayda da bu preparatdan 5 dənə vurulmalıdır. 15 yaşlı uşağa həmin preparat vurulmazsa, böyüməsi dayanacaq, fiziki inkişafdan geri qalacaq.
Məsələ ilə bağlı Respublika Endokrinoloji Mərkəzindən "Xəzər Xəbər"ə bildirildi ki, tibb müəssisəsinə dərman və katriclər verilib. Ancaq lazım olan qələmlərlə tam təmin olunmayıblar. Qeydiyyatda olan 3000 xəstəyə qarşı cəmi 516 qələm gəlib. O da çox vacib, həmçinin Mərkəzə daha tez müraciət edən xəstələrə verilib.
Problemin aradan qaldırılması üçün TƏBİB-lə danışıqlar aparılır. Məsələ ilə bağlı TƏBİB-lə də əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz uğursuz oldu.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.