Cəbrayıl rayonunun Horovlu kəndində dayanıqlı su təchizatını təmin etmək üçün qədimdən də mövcud olmuş kəhrizlərin bərpası ilə bağlı layihə artıq bitib və hazırda həmin kəhrizlər fəaliyyətdədir. Xezerxeber.az-ın məlumatına görə, bunu Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin şöbə müdiri İlhamiyyə Rzayeva deyib.
O bildirib ki, kəhrizlər tezliklə bura köçəcək sakinlərin ixtiyarındadır. Ümumilikdə 3 470 sakin üçün nəzərdə tutulan kəndə ilkin mərhələdə bura 1 395 nəfərin köçürülməsi nəzərdə tutulur. Bu günə qədər 334 fərdi evin hörgü və tikinti işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür.
Cəbrayıl şəhər məktəbində isə ilin sonuna qədər 400 şagird təhsilə cəlb ediləcək. Bunu Elm və Təhsil Nazirliyinin Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov deyib.
Onun sözlərinə görə, təhsil müəssisəsi 2,7 hektar ərazidə, 960 şagird yerlik olmaqla 40 sinif otağından və müxtəlif 5 inzibati otaqdan ibarətdir.
MİDA-nın şöbə müdiri Diana Dadaşova deyib ki, Cəbrayıl yaşayış kompleksi yüksək keyfiyyətlə inşa edilib.
Onun sözlərinə görə, yeni mənzillərə köçən sakinlərə açarlar təqdim edilib. Cəbrayıl yaşayış kompleksinin ümumi sahəsi 7,9 hektar təşkil edir. Bu kompleksdə ümumilikdə 712 mənzil var.
Cəbrayılda alkoqolsuz içki məhsulları kompleksi ölkədən valyuta axınının qarşısını alacaq. MMC-nin nümayəndəsi Yalçın Xəlilov qeyd edib ki, kompleks tam gücü ilə istifadəyə verildikdən sonra Cəbrayıla köçən 300 yerli sakin kompleksdə işlə təmin olunacaq.
"Araz vadisi iqtisadi zonası"nda təməli qoyulan müəssisələr gələn il fəaliyyətə başlayacaq".
Bunu isə İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat xidmətinin rəhbəri Elçin Kazımov deyib.
O xatırladıb ki, Sənaye parkının ərazisində təməli qoyulan müəssisələr arasında dezinfeksiyaedici, ağardıcı, maye yuyucu və tamet daşlarının istehsalı ilə məşğul olan zavodlar inşa ediləcək. Bu layihələrin həyata keçirilməsinə 60 milyon manatdan çox investisiyanın qoyulması, ümumilikdə birinci mərhələdə 950 nəfərdən artıq adam üçün daimi iş yerlərinin yaradılması nəzərdə tutulub.
Agentlik rəsmisi bildirib ki, təməli qoyulan müəssisələrin 2025-ci ildə fəaliyyə başlaması planlaşdırılır.
Qeyd edək ki, Zəngilan şəhərində də tikinti işləri "Böyük Qayıdış dövlət proqramı"na əsasən yüksək intensivliklə davam edir. Zəngilanda inşa edilən iki yeni yaşayış kompleksində 500-dən çox ailə məskunlaşacaq.
"Azərenerji" ASC-nin "Yaşıl Enerji Elektrik Stansiyası" MMC-nin direktoru Ramiz Vəliyev deyib ki, Zəngilanda yerləşən "Sarıqışlaq" SES havaya atılan 14 ton karbon qazının qarşısını alır.
Onun sözlərinə görə, "Sarıqışlaq" SES Zəngilan rayonunda Oxçuçay üzərində yerləşən silsilə tipli 4 stansiyadan biridir.
"Azərenerji" rəsmisi qeyd edib ki, başqa SES-lərdən fərqli olaraq, 24 saat dayanmadan işləyən bu 4 silsilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında istifadəyə verilən ən böyük stansiyalardan biridir və hazırda 24 saat dayanmadan ekoloji təmiz enerji istehsal edir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.