Ölkədə 24 mindən çox mobil cihazın İMEİ kodu saxtakarlıq səbəbindən ləğv edilib.
Xezerxeber.az-ın xəbərinə görə, "AzInTelecom" MMC-dən bildirilib ki, buna səbəb həmin mobil cihazlardakı İMEİ kodların surəti köçürülmüş, yəni klounlanmış olmasıdır.
İnformasiya Texnologiyaları üzrə mütəxəssis Fərhad Mirəliyev bildirib ki, mobil cihazların "imei" kodunun dəyişdirilməsinə müxtəlif səbəblər əsas gətirilir ki, bunların da hamısı qanunsuzdur. Bəzən mobil cihaz kredit yolu ilə əldə edilir və alan şəxs krediti ödəməkdən imtina edir. Bu halda isə istifadəsinin qarşısını almaq üçün cihaz bloklanır. Həmin şəxs isə mobil telefonu ya "imei" kodunu dəyişərək istifadə edir, ya da bu işlə məşğul olan insanlara dəyərindən ucuz qiymətə satır.
Fərhad Mirəliyevin sözlərinə görə, bəzən oğurluq və dələduzluq yolu ilə ələ keçirilən mobil cihazlar da aşkarlanmasın deyə onların imei kodları dəyişdirilir.
Hüquqşünaslar isə bildirirlər ki, "Telekommunikasiya haqqında" qanuna və İnzibati Xətalar Məcəlləsinə görə, mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və ya surətinin köçürülməsinə görə məsuliyyət nəzərdə tutulub. Bunu həyata keçirən fiziki şəxsləri 400, vəzifəli şəxsləri 1500, hüquqi şəxsləri isə 4000 manat məbləğində cərimə gözləyir. 1 il ərzində təkrar pozuntuya görə isə müvafiq olaraq 800, 2500 və 12 000 manat cərimə tətbiq edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.