Xəzər Xəbər

Nazir: "Yarımçıq sülh" seçim ola bilməz VİDEO

Veb TV | 20:22 • 29 Sentyabr 2024
Nazir: "Yarımçıq sülh" seçim ola bilməz

"Bu qədər ağrı və iztirablardan sonra "yarımçıq sülh" seçim ola bilməz".

Xezerxeber.az-ın məlumatına görə, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. Nazir qeyd edib ki, Azərbaycan təkcə öz milli təhlükəsizliyi və rifahı üçün deyil, həm də bütün regionun daha yaxşı gələcəyi üçün güclü məsuliyyət hissi ilə bu prosesi irəli aparmağa davam edəcək. Onun sözlərinə görə, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınması məsələsi hüquqi boşluqda qaldığı, habelə, daxili hüquqi və ya siyasi ssenarilərdən asılı olduğu təqdirdə, sülh və mehriban qonşuluq münasibətlərinin qurulması dayanıqlı və dönməz ola bilməz. Nazir həmçinin nitqində Ermənistanın xarici ölkələrdən külli miqdarda silah gətirməsi məsələsinə də toxunub.

BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələrində çıxış edən diplomat Ermənistanla silahlı münaqişənin sona çatması və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpasının Cənubi Qafqazda tamamilə yeni şərait yaratdığını, onilliklərdən sonra ilk dəfə bölgədə sabitliyin əldə edildiyini, de-fakto sülh bərqərar olduğunu bildirib. O qeyd edib ki, məhz Azərbaycan hərbi işğala son qoymaqla, hər iki tərəf üçün nəhayət düşmənçilik səhifəsini arxada qoymaq və mehriban qonşuluq münasibətlərinə başlamaq üçün şərait yaradan tərəfdir. 

Xarici İşlər Naziri BMT-də Azərbaycanın azad edilmiş ərazilərindəki mina problemini gündəmə gətirib. O bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərinin mina və digər partlayıcı qurğularla kütləvi çirklənməsi bərpa və yenidənqurma səylərinin rəvan irəliləməsinə ciddi maneə olaraq qalır.

Nazir Ceyhun Bayramov COP29-un fikir ayrılıqlarının bir kənara qoyulması və qlobal sülhə və iqlim gündəliyinə töhfə verilməsi üçün bir fürsət olacağını deyib. O bildirib ki, münaqişələr və getdikcə kəskinləşən iqlim böhranı kimi məsələlər arasında əlaqəni nəzərə alaraq, Azərbaycan bir neçə gün əvvəl COP29 naminə Birgə Atəşkəs Çağırışı flaqman təşəbbüsünü elan edib. Mindən çox qeyri-hökumət təşkilatı, dini liderlər və görkəmli şəxsiyyətlər və bir çox tərəf artıq bu çağırışa qoşulub. Sonda o COP29 ayı ərzində hər kəsi siyasi fikir ayrılıqlarını aşmağa, həmrəy olmağa və Atəşkəsə hörmət etməyə çağırış edib. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar