Şabran sakininin 11 il əvvəl satdığı avtomobilin cərimələri onun ünvanına gəlir.
Xezerxeber.az-ın məlumatına görə, Şabranın Ağalıq kənd sakini Laçın Bağırov deyir ki, "VAZ-2107" markalı avtomobilini 2013-cü ildə satıb. Lakin bir neçə ildir ki, tətbiq olunan cərimələr onun adına yazılır. Bundan isə 2 il əvvəl xəbərdar olub.
Laçın Bağırov bildirib ki, avtomobil bir neçə əl dəyişsə də, cərimələr ilk sahibinin sürücülük vəsiqəsinə tətbiq edilir. Hətta bu səbəbdən o sürücülük hüququndan da məhrum edilib.
Laçın Bağırov etibarnaməni ləğv edib, amma 1008 manat borc hələ də onun sürücülük vəsiqəsində qalıb. Yaranmış vəziyyətlə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirildi ki, qayda pozuntusunun aşkarlanması və cərimələrin tətbiqi xüsusi texniki vasitələrlə aparılır. Bu səbəbdən də cərimə avtomobilin əsas sahibinin adına yazılır.
Qeyd edək ki, sözügedən avtomobil hazırda Xaçmaz rayonunda idarə edilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.