150 yaşayış evi olan kəndin məktəbi 9 illikdir. Üstəlik üç fəndən də müəllim çatışmır.
Xezerxeber.az xəbər verir ki, söhbət Xaçmazın Rəhimoba kəndindən gedir. Kənddəki orta məktəbdə Riyaziyyat, Rus və İngilis dili fənlərindən dərs deməyə müəllim yoxdur. Bu da xüsusilə buraxılış sinifdə oxuyan şagirdlərin valideynlərini narahat edir.
Kənd sakinləri bildirirlər ki, müəllim olmadığı üçün övladları riyaziyyat və xarici dil fənlərindən heçnə bilmirlər.
Məsələ ilə bağlı Quba-Xaçmaz regional təhsil idarəsinə müraciət etdik. İdarədən "Xəzər Xəbər"ə bildirildi ki, il ərzində vakant yerlər yarandıqda ehtiyat kadrlar hesabına müəllimlər cəlb edilir. Bu və ya digər səbəbdən qeyd olunan vakant yerə təyinat aparılması mümkün olmadıqda, əvəzçilik qaydasında məktəbə yaxın məsafədə yerləşən digər ümumi təhsil müəssisəsindən eyni fənn müəlliminin tədrisə cəlb olunması üçün addımlar atıla bilər.
Xaçmazın Rəhimoba kənd məktəbində yeni yaranan vakant yerlər də qısa müddətdə müəllimlərlə təmin olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.