Xətai rayonu ərazisində elektrik xətlərindən birinin izolyatoru qırılaraq ərazidə dayanan maşının üzərinə düşüb və ciddi zərər vurub.
Xezerxeber.az xəbər verir ki, hadisə Xətai rayonunda, 8 noyabr prosektindən Əhmədli qəsəbəsinə gedən Kazımağa Kərimov küçəsi 132 ünvanında baş verib. Avtomobilin sahibi Sabir Musayev deyir ki, bir aydan artıqdır bu elektrik dayağı burada qurulub. Artıq ikinci dəfədir onun izolyatoru qırılır.
Ətrafda yaşayan sakinlər deyirlər ki, bu onlar üçün bir xəbərdarlıq idi. Burada daha ciddi təhlükə yarana bilər. Buna görə də, aidiyyəti qurum əraəzidə təhlükəsizlik tədbirləri görməlidir.
"Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən xətt 8 noyabr prospektinin kəsişməsindən keçən 110 kilovoltluq 8-ci km xəttidir və bir müddət əvvəl həmin ərazidə 4 ədəd dayaq demontaj edilərək yeraltı kabel xəttinə keçirilib. Konkret bu dayaq da həmin ərazidə, məhz həmin hava xəttinin davamı olaraq mühafizə zonasında olan dayaqdır. Yüksək gərginlikli elektrik şəbəkələrinin mühafizəsi Nazirlər Kabinetinin 103 nömrəli 10 iyun 2005-ci il tarixli Qərarı ilə təsdiq edilmiş qaydalarla tənzimlənir. Qaydaların 5-ci bəndinə əsasən, 110 kilovoltluq xətlərdə trassa boyu hər iki tərəfə 20 metr mühafizə zonası müəyyənləşdirilib. Mühafizə zonası həm də bu kimi hadisələr baş verməsin deyə var. Kiminsə nəqliyyat vasitəsini mühafizə zonası bir yana, düz xəttin altında saxlaması və üstəlik şikayət etməsi düzgün deyil.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.