Peşəşi insanların sağlamlıqlarının keşiyində durmaq idi. O, Vətənin keşiyində durmağı seçdi…
Mübariz İlyas oğlu Məmmədov. Ailəsinin dediyinə görə, həkim leytenant olub. Daxili Qoşunların N saylı hərbi hissəsində həkim kimi fəaliyyət göstərib. Birinci Qarabağ müharibəsi zamanı könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə uğrunda gedən döyüşlərdə şücaət göstərib, Çıldıran, Mehmani kəndləri uğrunda gedən döyüşlərdə iştirak edib. Sırxavənd uğrunda gedən döyüşlərdə isə itkin düşüb.
Oğlu Yunis deyir ki, axtarışlarla bağlı bir xeyli yerə müraciət etsələr də bu axtarışlar nəticəsiz qalıb. Onlar bir ömrü ümidlə gözləyiblər. Mübariz Məmmədovun həyat yoldaşı Gülnarə Abbasova isə qəhərdən danışa bilmir. O, bütün həsrətini, bu illər ərzində yaşadıqlarını cəmi bir neçə kəlməyə sığdırır.
Qeyd edək ki, 1992-ci ildə şəhid olan mərhumun nəşinin qalıqları itkin düşdüyü Ağdam rayonun Sırxavənd kəndində aşkarlanan kütləvi məzarlıqda aşkarlanıb. Dəfn mərasimində şəhidimizin ailə üzvləri, doğmaları, qazilər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhidin nəşi Dövlət Himinin sədaları və yaylım atəşi altında torpağa tapşırılıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.