Xəzər Xəbər

DİN milyonluq dövriyyəsi olan şəbəkəni necə ifşa etdi? – TƏFƏRRÜATLAR VİDEO

Veb TV | 21:15 • 20 Sentyabr 2024
DİN milyonluq dövriyyəsi olan şəbəkəni necə ifşa etdi? – TƏFƏRRÜATLAR

Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi internetdə milyonluq dövriyyəsi olan şəbəkəni ifşa edib.

Xezerxeber.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin məlumatına görə, idarə sosial şəbəkələrin Azərbaycan seqmentində onlayn qumar oyunları təşkil edən dəstənin üzvlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirib. Belə ki, Baş İdarə əməkdaşları instaqram sosial şəbəkəsində müxtəlif anonim adlarla açılan səhifələrin vətəndaşları internetdə qumar oyunlarına cəlb etdiklərini müəyyən ediblər. Araşdırmalarla bu qanunsuz fəaliyyətlə dəstə halında təşkilatlanmış bir qrup şəxsin məşğul olmasına dair ilkin sübutlar əldə edilib.

Müəyyən edilib ki, dəstəyə başçılıq edən Elmidar İsmayılzadə, Eldəniz İsmayılov daxil olmaqla 30 nəfərə yaxın şəxsi öz cinayət əməllərinə cəlb edərək onlayn qumar oyunları təşkil ediblər. Onlar xarici nömrələrdən istifadə etməklə səhifələr açıb və müxtəlif şirnikləşdirici vədlərlə vətəndaşları xarici ölkələrə məxsus saytlar üzərindən qumar oyunlarına cəlb ediblər. Onlar "Fast Loto", "CHCPlay" kimi qeyri-leqal saytlara birbaşa adminlik statusu əldə ediblər.

Qumar oyunlarının şərti olaraq "qurban" adlandırılan şəxslər pul vəsaitlərini dəstə üzvlərinin onlara göndərdikləri bank kartlarına köçürüblər. Əməliyyat zamanı aşkar olunan 1 157 bank kartı ayrı-ayrı vətəndaşlardan müxtəlif məbləğlər müqabilində alınaraq cinayət fəaliyyətində istifadə edilib. Öz kartlarını dəstə üzvlərinə təqdim edən şəxslər isə onların əsl niyyətlərindən xəbərsiz olublar.

Dəstə üzvlərinin istifadə etdikləri gizli ofislərə, mənzillərə, saxlanc yerlərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, saxta adlarla sənədləşdirilmiş xarici ölkələrə məxsus 110 ədəd mobil telefon nömrəsi, 2.000.000 manat məbləğində nağd pul vəsaiti və sair maddi sübut kimi götürülüb. şəbəkənin üçüncü şəxslərin adlarına istifadə etdiyi bank hesablarına 20.000.000 manatdan artıq vəsaitin mədaxil olduğu müəyyənləşdirilib. Şəbəkənin cinayət yolu ilə əldə etdiyi külli miqdarda pul vəsaitlərini leqal dövriyyəyə daxil etmək prosesini icra etməkdə şübhəli bilinən Rövşən Məmmədov da müəyyən edilərək saxlanılıb. dəstənin 3.375.000 manat məbləğində pul vəsaitini kriptovalyuta şəklində xarici ölkələrə göndərdiyi məlum olub. İstintaq zamanı şəbəkə üzvlərinin qanunsuz yolla əldə etdikləri vəsaitlərlə aldıqları ümumi dəyəri 10.000.000 manat olan 25 mənzil, torpaq sahələri, bağ evləri, ticarət obyektləri, lüks avtomobillər müəyyən edilərək məhkəmə qərarları ilə üzərlərinə həbs qoyulub.

Faktla bağlı cinayət işi başlanılaraq şəbəkəyə başçılıq edən 9 şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti

Çox oxunanlar