"Azərpoçt"da 6 aydan çox qalan bağlamaların satıldığı ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Müzakirələrə səbəb olan bu məlumatlar həm də vətəndaşlar arasında çaşqınlıq yaradıb.
Xezerxeber.az-ın məlumatına görə, iddialara "Azərpoçt" MMC aydınlıq gətirib.
Məlum olub ki, sözügedən məlumatlar yalandır. Bu barədə məlumatlar sosial şəbəkələrdə kiberdələduzlar tərəfindən "Azərpoçt"un adından yaradılmış saxta səhifələrdə edilib. Paylaşımda guya itirilən, eləcə də 6 aydan çox poçt şöbəsində qalan bağlamaların 2 manat 28 qəpiyə satıldığı bildirilib.
Paylaşımda sifariş üçün vətəndaşlardan linkə keçid edərək kart məlumatlarını daxil etmələri istənilir. Daxil olduqda isə bütün hesab dələduzların əlinə keçir. "Azərpoçt" vətəndaşları diqqətli olmağa çağırır.
Qurumun rəsmisi Afaq İbrahimova deyir ki, "Azərpoçt" heç bir zaman sahibsiz bağlamaları satışa çıxartmır.
Qeyd edək ki, sosial şəbəkələrdə "Azərpoçt" MMC-nin orijinal səhifələri mavi təsdiq nişanı ilə işarələnib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.