Xəzərin sürətlə quruması məsələsi bütün Xəzəryanı ölkələrin diqqətindədir.
Xezerxeber.az xəbər verir ki, ötən gün Rusiya prezidenti Vladimir Putin də Xəzərin dayazlaşmasının qarşısını almaq üçün elmi təhlillərin aparılmasına dair göstəriş verib. O bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinlə görüşündə deyib.
Rusiya lideri həmçinin bildirib ki, Xəzərin dayazlaşması problemi Rusiya və Azərbaycan prezidentlərinin bu yaxınlarda Bakıda keçirilən görüşündə müzakirə olunub. "Mən bu yaxınlarda Azərbaycanda oldum. Bizim həmkarımız, Azərbaycan Prezidenti Xəzərin dayazlaşması məsələsinə diqqət çəkdi",- deyə Putin qeyd edib.
Prezident İlham Əliyev Xəzərin ekoloji probemlərini illərdir ki, qabardır və həllinin vacib olduğunu bildirir. Dövlət başçısı çıxışlarında mütəmadi olaraq bu məsələni gündəmə gətirir və həlli istiqamətində atılacaq addımlardan danışır. Avqustun 19-da Prezident İlham Əliyev rusiyalı həmkarı ilə birgə mətbuat qarşısında çıxışı zamanı hər iki ölkəni narahat edən bu məsələni bir daha problem kimi qaldırdı.
Dövlət başçısı hələ 2 il öncə də Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı Xəzər dənizinin bugünkü vəziyyətinin narahatlıq doğurduğunu qeyd etmişdi.
Dövlət başçısı mütəmadi olaraq çıxışlarında ekoloqları narahat edən və mediada gündəmə gətirilən Xəzər dənizinin dayazlaşması problemini dilə gətirir və bu məsələnin diqqətində olduğunu açıq şəkildə göstərir. Hətta problemin dövlətlər səviyyəsində müzakirə edilməsi təşəbbüsü də məhz Azərbaycan Prezidentindən gəlib. Bu isə onu göstərir ki, Azərbaycan regiondakı bütün ekoloji problemlərin həlli istiqamətində addımlar atır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.