Adı Ballıqayadı, amma faciəsinin ağrısı 32 ildi damağımızda yaradı. O Ballıqaya ki, sinəsinə sığınan 24 nəfər laçınlı bağrında yanıb kül oldu.
Xezerxeber.az xəbər verir ki, Laçın rayonu işğal olanda rayonun Nağdalı kəndindən yeddi ailə Kəlbəcərə tərəf getməyə başlayır. Yol onları Kəlbəcərdən Murovdağa, ordan da Göygölə aparır. Son mənzil, eləcə də son sığınacaq Goranboyun Ağcakənd qəsəbəsinin Ballıqaya kəndi olur.
Həmin 24 nəfərin yeddisi Vəzir Hümbətovun ailə üzvləriydi... Ən kiçiyinın 6 aylıq Canpolad olduğu ailəsindən geriyə təkcə quruca canı qalan Vəzir Hümbətov elə Laçının Nağdalı kəndindən öz dərdini bizə danışır...
O qanlı avqustun bu günündə geri qayıdan Vəzir Hümbətovu postda saxlayırlar və ona kənddə ermənilərin adamları qətlə yetirdiyini deyirlər. O isə öz aləmində kəndə keçmək üçün polislərə yalan danışır, deyir ki, məni buraxın, orda öldürülən elə mənim ailəmdi. Bu bəhanəylə Ağcakənd postunu da keçən Vəzir Hümbətov kəndə çatanda görür ki, yalanı gerçək olub...
Dərd bununa qurtarsa nə var ki?
Külü göyə sovrulub, sümükləri torpağa can deyə dəfn olunan ailənin məzarları da düşmən işğalında qalır. Vəzir Hümbətov qələbəyə qədər o məzarı ziyarət edə bilmir:
Vəzir Hümbətov deyir ki, indi onun tək istəyi ailəsinin dəfn olunduğu o yeri tez-tez ziyarət eləmək, o məzar yerini insanlara tanıtmaqdı. Deyir mən onsuz da yaşamıram, barı dərdim görk olaraq yaddaşlarda yaşasın. Bəlkə dünya, mənim eləcə də Ballıqayada yandırılan o insanların timsalında bu faciəni unutmaya...
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.