Bakı Beynəlxalq Avtovağzalından Şamaxıya avtobus getmir və ya əks istiqamətdə də sərnişinlər üçün belə bir imkan yaradılmayıb.
Şamaxı sakini Orxan Hüseynov ''Xəzər Xəbər''ə müraciət edərək bu məsələni işıqlandırmağızı istədi. Bildirdi ki, pandemiyadan əvvəl bu istiqamətə avtobuslar işləyib. Amma sonra bərpa edilməyib. İndi onlar məcburdurlar ki, şamaxinka deyilən ərazidəki taksilərlə gedib-gəlsinlər.
O, taksilərin qiymətlərinin də yüksək olduğunu deyir. Bildirir ki, şamaxı istiqaəmtində yeni avtobusların istifadəyə verilməsi zəruridir.
Şamaxinka deyilən ərazidən Şamaxı istiqamətində sərnişin daşıyan sürücülər deyirlər ki, qiymətlər 4 manatdan 8 manata qədər dəyişir.
Şamaxı rayonuna avtobusların işləməməsi ilə bağlı yerüstü nəqliyyat agentliyi ilə əlaqə saxladıq. Bildirildi ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən bir sıra rayon və məntəqələrə birbaşa müntəzəm avtobus reysləri mövcud deyil. Çoxsaylı vətəndaş müraciəti, eləcə də sərnişindaşımada vətəndaş məmnunluğunu təmin etmək məqsədilə bu məntəqələrə getmək istəyən vətəndaşlara daşıyıcıların da rentabelliyi nəzərə alınmaqla imkan yaradılır. Bu rayon və məntəqələr aralıq məntəqələri kimi müəyyən edilib. Sərnişinlər Bakıdan bu istiqamətlərə biletləri əldə edə bilirlər.
Bununla belə, sərnişinlər Şamaxıdan keçən İsmayıllı avtobuslarına bilet alıb, şamaxıda düşə bilərlər. Ancaq bunun üçün onlar şamaxıya qədər olan məsafənin deyil, İsmayıllı rayonuna qədər olan məsafənin ödənişini etməlidirlər. Bu isə vətəndaşları qane etmir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.