Bakı sakini Soltan Yusifov heç vaxt idarə etmədiyi avtomobillərə görə 1000 manatdan çox cərimə edilib, sürücülük hüququ məhdudlaşdırılıb.
Xezerxeber.az-ın məlumatına görə, Soltan Yusifov deyir ki, bir müddətdir, avtomobilini idarə edə bilmir.
Səbəb isə ona aid olmayan cərimələrin yazılmasıdır. Dediyinə görə, bir neçə ay əvvəl taksi fəaliyyəti ilə məşğul olmaq üçün avtomobil icarəyə götürüb. Sonradan avtomobili geri qaytarsa da, onun şəxsiyyət və sürücülük vəsiqəsinin surəti avtomobilini icarəyə götürdüyü şəxsdə qalıb. Soltan Yusifov iddia edir ki, qarşı tərəf xəbəri olmadan onun adına digər avtomobilləri idarə etmək üçün etibarnamə verib.
Soltan Yusifov deyir ki, avtomobili icarəyə götürdüyü şəxsə dəfələrlə məlumat verib, lakin qarşı tərəf cəriməni ödəməkdən boyun qaçırır.
Məsələ ilə bağlı avtomobili icarəyə verən şəxslə əlaqə saxlamaq istəsək də, o, zənglərə cavab vermədi.
Hüquqşünaslar isə deyirlər ki, vətəndaş əlində olan sübutlarla məhkəməyə müraciət etməlidir.
Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, avtomobilə görə cərimələr sürmə hüququ üçün verilən sonuncu etibarnaməyə əsasən təyin edilir. Sonuncu etibarnamə hansı şəxsə verilirsə, cərimə ona təyin edilir. Bununla yanaşı, şəxsin razılığı olmadan ona aid sənədlərdən istifadə isə inzibati məsuliyyət yaradır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.