Xəzər Xəbər

Məktəblərdə tədrisin təşkili ilə bağlı yeni qərar verildi VİDEO

Veb TV | 21:06 • 1 Avqust 2024
Məktəblərdə tədrisin təşkili ilə bağlı yeni qərar verildi

Azərbaycan ərazisində fəaliyyət göstərən ümumi təhsil pilləsi üzrə təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) payız tətilinin vaxtı dəyişib.

Xezerxeber.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında əksini tapıb.

Qərara əsasən, ümumi təhsil pilləsi üzrə -2024-cü il noyabrın 12-dən 22-dək payız tətili olacaq.

Əvvəl bu müddət noyabrın 16-dan 20-dək idi. 

Peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil olacaq.

Elm və Təhsil Nazirliyi qeyd edilənləri nəzərə alınmaqla təhsil proqramlarının təhsil alanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə müvafiq tədbirlər həyata keçirməlidir.

Mövzuya münasibət bildirən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlı təhsil formasının dəyişməsi gözlənilən qərar idi.

Təhsil eksperti deyib ki, bu il universitetlərə qəbul olan tələbələrin distant təhsilə cəlbi baxımından ali təhsil müəssisələrinin üzərinə ciddi məsuliyyət düşür. Onun fikrincə, ali təhsil müəssisələrinin onlayn rejimdə keçiriləcək materialların PDF formatında tələbələrə çatdırması məqsədəuyğun olardı. Ona görə də bütün ali və orta ixtisas müəssisələri həmin müddət üçün onlayn resurslarını əvvəlcədən hazırlamalıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti