Kənd təsərrüfatı fəaliyyəti üçün torpaq sahəsinin təyinatının dəyişdirilməsi asanlaşıb. Artıq mövcud tələblərə uyğun kənd təsərrüfatı təyinatlı torpaqlarda zəruri tikililərin inşasına icazə veriləcək.
Xezerxeber.az xəbər verir ki, dəyişikliklər Prezident İlham Əliyevin təsdiq etdiyi Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb. Yay və qış otlaqları, ümumi istifadədəki örüş sahələri istisna olmaqla vətəndaş öz kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatını dəyişmədən tikinti işləri icra edə biləcək.
Kənd Təsərrüfatı nazirliyinin şöbə müdiri Firudin Tağıyev deyir ki, "qanuna əsasən, bu tikililər həmçinin vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 %-indən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün nəzərdə tutulmuş tikililər, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı əsaslı tikililərin sahəsi 5 hektardan az olmayan ərazidə inşa edilə bilər.
Kənd Təsərrüfatı Nazirliyindən o da bildirilib ki, dəyişikliklər müasir dövrün tələblərinə uyğun olaraq aqrar sektorun investisiya mühitinə adaptasiyası və uyğunlaşdırılma xarakteri daşıyır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.