Aramsız yağan yağış rayonlarda bir sıra fəsadlara səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, leysan nəticəsində Gəncəçayda suyun səviyyəsi artıb, yollarda maşınlara, evlərdə sakinlərə problemlər yaranıb.
Gəncədə yollarda yığılan yağış suları avtomobillərin hərəkətində çətinlik yaradıb. Bəzi məhəllələrdə isə yağış suları evlərə dolub.
Məsələ ilə bağlı Gəncənin əlaqədar qurumları tədbirlər görməyə başlayıblar.
Şəhərin Məhsəti qəsəbəsi, Müşfiq Adıgözəlov küçəsində isə sakinlər yollara yığılmış yağış sularının evlərə dolmasının qarşısını almaq üçün torpaq sədlər çəkiblər.
Gəncə-Bakı yolunun Nizami məqbərəsinə düşən hissəsində isə körpünün altına sel suları dolub.
Qərb bölgəsində 3 gündür ki, davam edən qeyri-sabit hava Göygölün Aşıqlı kəndində də bir sıra fəsadlar törədib.
Sakinlər deyirlər ki, eyni vəziyyət artıq hər il yaşanır. Səbəb isə evlərin yanından keçən yolun altdındakı su keçidlərinin bağlı olmasıdır.
Ötən gündən yağan güclü yağış Goranboyun 1 qəsəbə və 5 kəndində də fəsadlar törədib.
Leysandan sonra yaranan sel suları daha çox Azad və Dəyirmanlar kəndlərində əkin sahələrinə, fərdi evlərə ziyan vurub. Dəyirmanlar kənd orta məktəbinin həyəti sel və lil qatı ilə örtülüb. Azad kəndində 5 fərdi evin həyətinə su dolub, küçələr sel sularına qərq olub. Həmçinin günəbaxan, yonca sahələri də zərər görüb.
Goranboyun Qazanbulaq qəsəbəsi, Borsunlu, Nadirkənd, Azad, Dəyirmanlar və Nizami kəndlərində selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görülüb. Hazırda bölgədə fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirlir.
Leysan yağışlar Tovuzda da selə səbəb olub. Rayonun bir neçə dağ kəndində körpüləri su yuyub. Kəndlərin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib. Zəyəm çayında sel və daşqınlar əmələ gəlib, Məşədilər kəndinin körpüsü qəzalı vəziyyətə düşüb. Sel körpünün dəmir sütunlarını yuyub. 1000-ə yaxın əhalisi olan kəndin rayon mərkəzi və ətraf ərazilərlə əlaqəsi kəsilib. Piyadaların keçidi üçün quraşdırılan kiçik körpüləri də sel aparıb.
Rayonun İsakənd kəndində də körpü yararsız vəziyyətə düşüb. Çayətrafı əkin sahələr və bağlar sel sularının altında qalıb. Ətraf ərazilərdəki kiçik təpəciklərdə də torpaq sürüşməsi baş verib.
Qubada da sel körpünü uçurub. Quba-Xınalıq yolunun 42-ci kilometrliyində yerləşən Əlikçayın üzərindəki körpü uçub. Nəticədə də Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.
Bildirilib ki, qısa vaxt ərzində yolun açılması təmin ediləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.