Bakının Sabunçu rayonu, Zabrat qəsəbəsində antisanitariya hökm sürür. Çünki məişət tullantıları zibil qutularının ətrafında qalaqlanıb.
Sakinlərin sözlərinə görə, tullantıları günlərdir ki, bu cür yığılaraq qalıb.
Xezerxeber.az-ın məlumatına görə, 307 nömrəli tam orta məktəbin ətrafında olan zibil konteynerləri xoşagəlməz qoxu mənbəyinə çevrilib. Sakinlər bildirirlər ki, xüsusən də isti havalarda üfunətdən dayanmaq olmur.
Xəstəlik mənbəyi olan tullantılar həmçinin gəmiricilərin, sahibsiz itlərin və həşaratların məskəninə çevrilib.
Məsələ ilə bağlı Sabunçu Mənzil-Kommunal Təsərrüfatı Birliyindən "Xəzər Xəbər"ə bildirildi ki, tullantıların yığılması üçün ayrılan avtomobildə nasazlıq yaranıb. Bu səbəbdən də son iki gün ərzində prosesdə gecikmələr baş verib. Gün ərzində həmin ərazidəki zibil konteynerləri təmizlənəcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.