Gələn ilin yanvarın 1-dən minimum əməkhaqqının artacağı gözlənilir.
Xezerxeber.az-ın məlumatına görə, minimum əməkhaqqı artırılan zaman həm 2023-24-cü illərdə orta aylıq artım faizinin nəzərə alınması, eyni zamanda, inflyasiyanın bu kontekstdə indeksləşdirilməsi nəzərdə tutulub.
İqtisadçı Xalid Kərimli deyir ki, minimum əməkhaqqı alan vətəndaşlar daha çox sosial təminata ehtiyacı olan şəxslərdir. Bu da onların sosial təminatının daha da gücləndirilməsinə xidmət etmiş olacaq.
Ötən il ölkədə 8,8 faiz inflyasiya olduğuna diqqət çəkən Xalid Kərimli qeyd edib ki, Mərkəzi Bankın proqnozlarına görə, bu il 3,5-4 faiz inflyasiya müşahidə ediləcək. Bunları nəzərə alaraq, əmək haqqının 10-15 faiz arası artırılacağı gözlənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, qurumda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır və noyabrın 1-nə qədər təqdim ediləcək.
Daha sonra hökumətdə müzakirə olunacağı və minimum əməkhaqqının artırılması ilə bağlı qərar qəbul ediləcəyi gözlənilir. Yeni qərar 700 mindən artıq vətəndaşın əmək haqqısının artmasına, birbaşa onların gəlirlərinə təsir göstərə bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.