Paytaxt Bakıda avtobus sürücüsü qıtlığı yaşanır.
Təkcə "BakuBus"da 1 000 sürücüyə ehtiyac var. Bəs nəyə görə avtobus sürücü olmaq istəyənlərin sayı azdır?
Xezerxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı AYNA-dan bildirildi ki, son bir ildə yalnız Bakı şəhərində 200-dən çox avtobusun istismara verilməsi təmin edilib. Bu da ictimai nəqliyyatda sürücü azlığına səbəb olub.
O da qeyd olunub ki, nümunəvi fəaliyyət göstərən avtobus sürücüləri aylıq mükafatlandırılacaqlar.
Nəqliyyat üzrə ekspert Yasin Mustafayev isə qıtlığa bir neçə amilin səbəb olduğunu düşünür: “İşğaldan azad edilən ərazilərdə texnika ilə görülən işlərə sürücülər cəlb edilib. Eyni zamanda, şəhərdə də COP29-la bağlı işlərə də ciddi şəkildə işçi qüvvəsi cəlb olunub. Bu da ictimai nəqliyyatda boş yerlərin yaranmasına səbəb olub”.
Mövzu ilə bağlı “BakuBus”dan “Xəzər Xəbər”ə verilən məlumata görə, aprel ayının 1-dən etibarən "BakuBus"a sürücü olmaq üçün 318 nəfər müraciət edib və nəticəsində tələblərə uyğun gələn 166 namizəd işlə təmin olunub. İl ərzində isə 1 000 sürücünün işə götürülməsi nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.