İctimai nəqliyyata daxil olmaq üçün yalnız bir növ ödəniş vasitəsindən istifadə olunur.
Xezerxeber.az-ın xəbərinə görə, vətəndaşlar bildirirlər ki, bəzən ictimai nəqliyyatdan istifadə üçün lazım olan karta yaranan sıxlıq və bəzi ərazilərdə ödəniş terminallarının olmaması səbəbindən ödəniş etməkdə çətinliklər yaşayırlar. Buna görə də bank və ya digər kartlar vasitəsilə ödəniş sisteminin tətbiq olunmasını istəyirlər.
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirir ki, dünya ölkələrində ictimai nəqliyyatdan istifadə üçün bütün növ ödəniş vasitələrindən istifadəyə imkan yaradılıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, yaxın zamanda metroda bank kartları ilə ödənişin tətbiq olunması üçün təkmilləşdirilmiş sistemin tətbiqi nəzərdə tutulur. Sistemin tətbiqindən əvvəl isə texniki araşdırma işlərinin aparılması üçün sınaqlara başlanılacaq.
Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, hazırda sərnişin daşımalarını yerinə yetirən subyektlərdə gediş haqqının nağdsız ödənilməsini təmin edən ödəniş sisteminə keçidin sürətləndirilməsi ilə bağlı işlər görülməkdədir.
Paralel olaraq bank kartları vasitəsilə də gediş haqqlarının ödənilməsinin təmin edilməsi istiqamətində işlər aparılır. Nağdsız ödənişlərə keçidə müqavimət göstərən daşıyıcıların xətləri müvafiq qaydada müsabiqəyə çıxarılaraq başqa daşıyıcıların istismarına verilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.