Xəbər verdiyimiz kimi, 1-ci və 4-cü ixtisas qrupları üzrə imtahan keçirildi.
Bəzi abituriyentlər iddia edirlər ki, qəbul imtahanlarının 2-ci cəhdinin sualları 1-ci mərhələyə nisbətən daha çətin olub.
Onların sözlərinə görə, 1-ci və 4-cü qruplarda Riyaziyyat və Fizika, 2 və 3-cü qruplarda isə Tarix və Ədəbiyyat fənlərindən salınan suallar əvvəlki illərlə müqayisədə məntiqə əsaslanan və çaşdırıcı formada olub.
Bəs bir çox abituriyentin yenidən hazırlaşaraq balını artırmaq üçün daxil olduğu 2-ci mərhələ imtahanlarının çətin olması qəbul ballarına necə təsir edəcək?
Təhsil eksperti Rizvan Fikrətoğlu deyir ki, builki buraxılış imtahanları ümumilikdə digər illərə nisbətən asan olub. Buna səbəb universitetə sənəd verənlərlə yanaşı, kolleclərə qəbul olmaq istəyən abituriyentlərə də fürsətin yaradılmasıdır.
Ekspertin sözlərinə görə, blok imtahanlarında suallar gözləniləndən daha çətin formada salınıb.
Ekspert onu da əlavə edib ki, bəzi ixtisaslar istisna olmaqla, ümumilikdə ciddi fərqlə balların artacağı gözlənilmir. İxtisas seçiminə buraxılmaq üçün minimum keçid balını toplayan abituriyentlər düzgün ixtisas seçimi etsələr, tələbə adını qazana biləcəklər.
Qeyd edək ki, ali məktəblərə ixtisas seçimi blok imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.