Cəlilabadda tarixi kurqanın ətrafında olan torpaq sahələri mübahisəyə səbəb olub.
Xezerxeber.az-ın məlumatına görə, Cəlilabadın Moranlı kənd sakinlərinin əsas məşğuliyyəti əkinçilik və maldarlıqdır.
Kənd ərazisində yerləşən və qədim abidə kimi qorunan "Cinli Təpə" kurqanı ətrafında olan ərazilər də otlaq sahələri kimi istifadə edilirmiş.
Kənd sakinlərinin sözlərinə görə, bir-neçə ildir ki, bu ərazidən istifadə edə bilmirlər. İddiaya görə, kənd sakini Fəyaz İbişov ərazinin müvafiq sənədlə ona məxsus olduğunu bildirir.
İddiaya görə, 2021-ci ildə tarixi abidənin ətrafında qazıntı aparan Fəyaz İbişov ərazidə süni balıq təsərrüfatı yaratmaq niyyətində olub. Lakin sakinlərin müdaxiləsindən sonra qazıntı işləri dayandırılıb.
Məsələdə adı hallanan Fəyaz İbişov "Xəzər Xəbər"ə bildirdi ki, sözügedən ərazi ona 1998-ci ildə yerli Aqrar islahat komissiyası tərəfindən pay torpaq sahəsi kimi verilib. Ərazidə heç bir tarixi abidə və kurqan movcud deyil. Buna baxmayaraq, əlində sənəd olduğu halda, illərdir mülkündən qanuni şəkildə istifadə edə bilmir.
Abidə ətrafında baş verənlərə aydınlıq gətirmək üçün 1996-cı ildə Moranlı kənd ərazisi üzrə yerli Aqrar islahatı komissiyasının sədri olmuş Fizuli Əliyevlə əlaqə saxladıq.
Keçmiş sədr "Xəzər Xəbər"ə bildirdi ki, Moranlı kəndi ərazisində movcud olan "Cinli Təpə" kurqan abidəsi tarixi abidə kimi Mədəniyyət Nazirliyinin invertarı hesab edilib. Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsi də məsələyə münasibət bildirib. İdarənin baş məsləhətçisi Tural Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, Moranlı kəndi ərazisində yerləşən "Cinli Təpə" Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 saylı Qərarı ilə 911 inventar nömrəsi ilə ölkə əhəmiyyətli arxeoloji abidə kimi dövlət qeydiyyatına alınıb. Abidə Regional idarə tərəfindən qorunur. O da qeyd edilib ki, ölkə əhəmiyyətli arxeoloji abidələr satıla və icarəyə verilə bilməz.
Sakinlər isə bildiriblər ki, tərəflər arasındakı iddialara məhkəmədə aydınlıq gətiriləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.