Abşeron çimərliklərində balıqlar kütləvi tələf olur. Dəniz sahillərində minlərlə ölü balıq qalaqlanıb.
Xezerxeber.az xəbər verir ki, görüntülər Hövsan və Türkan çimərliklərindəndir.
Professor Mehman Axundov deyir ki, balıqlar kürütökmə mövsümü ilə əlaqədar sahilyanı akvatoriyalara üz tuturlar. Dayaz akvatoriyalarda temperatur daha tez yüksəldiyindən və su isindiyindən balıqların kütləvi ölümünə səbəb olur.
Müsahibimiz bildirir ki, balıqların vətəndaşların üz tutduqları yerlərdə tələf olması həmin ərazidə çimən sakinlər üçün təhlükə yaradır.
Sakinlər də mövcud vəziyyətdən narahat olduqlarını bildirirlər.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Xəzər Xəbər”ə bildirildi ki, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin əməkdaşları tərəfindən sözügedən əraziyə baxış keçirilərək sudan və tələf olmuş balıqlardan nümunələr götürülüb.
Balıqların kütləvi tələf olması ilə bağlı araşdırmalar davam etdirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.