Məktəb liseyə çevrilir, ibtidai siniflər ləğv edilir.
Xezerxeber.az xəbər verir ki, bu qərar həmin məktəbdə dərs deyən müəllimlərin narazılığına səbəb olub.
Söhbət Tovuz şəhər Mahir Ələkbərov adına tam orta məktəbdən gedir. Yeni qərara əsasən, bu məktəbin müəllimləri fəaliyyətlərini Tovuz şəhər A. S. Puşkin adına tam orta məktəbdə davam etdirəcəklər. Məktəbdə növbəti tədris ilinə qəbul da dayandırılıb.
Müəllimlər onu da deyirlər ki, məktəbdə təhsil alanlar arasında rayon mərkəzi ilə bərabər, ətraf kəndlərdən gələn şagirdlər də çoxluq təşkil edirlər. Bu dəyişiklik həmin şagirdlər üçün də problem yarada bilər.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsindən münasibət öyrənməyə çalışdıq. Lakin müraciətimizin üzərindən 7 gün keçməsinə baxmayaraq, qurumdan açıqlama verilmədi. Ümid edirik ki, məsələ aidiyyəti üzrə öz həllini tapacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.