Şəhərdaxili avtobus marşrutlarında yeni qiymətlər bu gün səhər saatlarından tətbiq edilməyə başlanıb.
Xezerxeber.az-ın məlumatına görə, həm şəhərdaxili, həm də paytaxtın ətraf kənd və qəsəbələrindən gələn sərnişinlər bütün avtobus xətlərində gedişhaqlarının dəyişdiyini deyirlər.
Çəkiliş apardığımız metronun “Koroğlu” stansiyası yaxınlığında yerləşən nəqliyyat mübadilə mərkəzində gün ərzində Bakıətrafı ərazilərdən yüzlərlə avtobus daxil olur. Xüsusilə nisbətən uzaq kənd və qəsəbələrdən gələn marşrut xətlərində qiymətlər əvvəllər də müxtəlif idi və 40 qəpikdən yüksək olurdu. İndi həmin xətlərdə də qiymətlər müvafiq olaraq 10 qəpik dəyişdirilib.
Bununla belə, sərnişinlərin bəziləri hələ də köhnə avtobuslarla evlərinə gedib-gəldikləirni deyirlər. Onlar qiymətə uyğun olaraq avtobusların da yenilənəcəyinə ümid edirlər.
Maraqlısı odur ki, qiymətlərin dəyişməsindən xəbəri olmayan sərnişinlər də vardır.
Sürücülər isə bildirdilər ki, dünən gecədən etibarən avtobus qarajlarında sistem vasitəsilə yeni tariflərin tətbiqinə başlanıb.
Qeyd edək ki, Bakı-Sumqayıt sərnişindaşıma avtobuslarında da yeni tarif müəyyən edilib. Qərara əsasən 30 km-dən 40 km-dək avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri 70 qəpik olacaq. Bu gündən həm də müntəzəm şəhərlərarası avtobus marşrutlarında sərnişindaşıma xidməti üzrə tariflər də dəyişib. Tariflərin yuxarı həddi bir kilometr üçün 3,7 qəpikdən hesablanır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.