Xəzər Xəbər

İntensiv yağıntılar bölgələrdə çayı məcrasından çıxartdı, kənd təsərrüfatlarına ciddi ZİYAN VURDU VİDEO

Veb TV | 23:30 • 27 İyun 2024
İntensiv yağıntılar bölgələrdə çayı məcrasından çıxartdı, kənd təsərrüfatlarına ciddi ZİYAN VURDU

İntensiv yağışlar bölgələrdə ciddi fəsadlar törədib. Astarada Pensərçay məcrasını dəyişib, çaykənarı evlər üçün təhlükə yaranıb. Bu barədə "Xəzər Xəbər"ə sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, Siyəkü kəndi ərazisində Pensərçay bir neçə istiqamətdə 40 metrəyə qədər məcrasını dəyişib. Dünən gecə çayda suyun səviyyəsi bir neçə metr artıb və su həyətlərə dolub. 

Təbii fəlakət Siyəkü ərazi vahidliyinə daxil olan 24 kəndinin hər birinə, təsərrüfatlara ciddi ziyan vurub.

Güclü yağış nəticəsində İsmayıllı-Lahıc-Dəmirçi yolu bağlanıb. Əraziyə texnika cəlb olunub, Lahıc-İsmayıllı yolunda hərəkətin bərpa olunması üçün tədbirlər görülüb.

İntensiv yağışlar nəticəsində Şəki şəhərinin şimal hissəsində istirahət məkanlarına gedən yolda çətinlik yaranıb. ərazidə torpaq sürüşməsi, eləcə də sel səbəbindən yollar dağılıb, rabitə, internet dirəkləri aşıb, irigövdəli ağaclar qırılıb.

Şəkinin Qırx bulaq kəndini ardıcıl bir neçə dəfə basan sel ötən gün daha da təsirli olub. Kənd sakinləri yoldan istifadə etməyə çətinlik çəkirlər.

Məsələ ilə bağlı 12 nomrəli yol istismar MMC-dən bildirilib ki son dövrlər yağış, sel nəticəsində bir neçə kəndin yollarında problemlər yaranıb. Ərazilərdə fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır.

Aramsız yağışlar Ağsu rayonunda da fəsadlar törədib. Rayonun bir sıra kəndlərində, eləcə də şəhər ərazisində yol infrastrukturuna və təsərrüfata ziyan dəyib, yaşayış evlərinin zirzəmilərinə su dolub. Ağsu şəhəri ilə Aratlı-Curuğlu kəndini birləşdirən avtomobil yolunun bir hissəsi sıradan çıxıb. 

Hacıqabulda isə güclü yağış Pirsaat çayının daşmasına səbəb olub. Rayonun Udullu ərazi vahidinə daxil olan Tağlı və Qubalı kəndlərində ciddi fəsadlar törədib. Çay məcrasından çıxaraq sahilətrafı nar bağlarını və şəxsi təsərrüfatları su altında qoyub. Körpülərin sıradan çıxması nəticəsində Qubalı kəndinin ətrafla nəqliyyat əlaqəsi kəsilib. Hacıqabul rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının nümayəndələri əraziyə baş çəkiblər, fəsadların aradan qaldırılması üçün tədbirlər görüləcək.

Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar