İran vətəndaşı ilə əlaqə yaradaraq narkokuryerlik etmək istəyən şəxs saxlanılıb. Polis ondan külli miqdarda narkotik aşkarlayıb.
Xezerxeber.az xəbər verir ki, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla əvvəllər məhkum olunmuş Rafael Zeynalov şübhəli şəxs qismində saxlanılıb. Ondan 20 kiloqram 755 qram "heroin" aşkar edilib. Araşdırmalar zamanı müəyyən edilib ki, Rafael Zeynalov İran vətəndaşları ilə əlaqə yaradaraq bu işə əl atıb.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şəkidə isə bostan bitkilərinin arasında çətənə kolu yetişdirən Taleh Əlimov saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, Aşağı Layısqı kəndində onun yaşadığı evin həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən 44 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Saatlı polisi də narkokuryerlərin izinə düşüb. Rayon sakinləri Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev saxlanılıblar. Onlardan yüksək təsiredici qüvvəyə malik olan 2 kiloqram 500 qram heroin, 5 kiloqrama yaxın marixuana, 1 ədəd "Makarov" markalı tapança, 1 ədəd patron darağı və 8 ədəd patron götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, Müqəddəs İsgəndərov və Ağarəhim Yolçuyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.