Yevlaxda narkotik tərkibli bitkilərin kultivasiyasını təşkil edən və narkokuryerliyə cəlb olunan şəxslər ifşa olunublar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, çətənə bitkisinin kultivasiyasını təşkil edən Ceyhun Məmmədov şübhəli kimi saxlanılıb. Onun evinin yaxınlığındakı əraziyə baxış zamanı 93 ədəd çətənə bitkisi aşkarlanıb. Polisin keçirdiyi digər tədbir zamanı narkokuryerlik edən, əvvəllər məhkum olunan Ruslan Məmmədov və qohumu Xalid Abdullayev də şübhəli kimi saxlanılıblar. Həmin şəxslərdən 16 kiloqrama yaxın heroin və marixuana aşkarlanıb.
Neftçalada da əməliyyat keçirilib. Bakı şəhər sakini Kamran Əliyev rayon ərazisində şübhəli kimi saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 12 kiloqram marixuana aşkar edilib. Araşdırmalar zamanı onun narkotik vasitəni istintaqla araşdırılan İran vətəndaşından aldığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Astarada isə təndirxanadan külli miqdarda narkotik vasitə aşkarlanıb. Şübhəli bilinən Mehman Rzayev saxlanılıb. Onun üzərindən və yaşadığı evin həyətində yerləşən təndirxanadan 2 kiloqram marixuana aşkarlanıb. Əlavə olaraq saxlanılan şəxsin həyətindən kultivasiya yolu ilə yetişdirdiyi 48 ədəd çətənə bitkisi də aşkarlanıb. Mehman Rzayev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az daha ətraflı videomaterialı təqdim edir.