Xəzər Xəbər

Azərbaycanda ildırım vurması nəticəsində 3 nəfər həyatını itirib, yaralı var VİDEO

Veb TV | 20:07 • 1 İyun 2024
Azərbaycanda ildırım vurması nəticəsində 3 nəfər həyatını itirib, yaralı var

Azərbaycanda ildırım vurması bir gecədə 3 nəfərin həyatına son qoyub, bir nəfər isə ağır halda xəstəxanaya yerləşdirilib.

Xezerxeber.az-ın məlumatına görə, ilk hadisə Tovuzun Ağdam kəndində qeydə alınıb.

Kənd sakini 14 yaşlı Səbuhi Abdullayev heyvanları otlaq sahəsindən evə gətirən zaman onu ildırım vurub. Nəticədə 8-ci sinif şagirdi aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Daha bir ildırımvurma nəticəsində ölüm hadisəsi Şəmkirdə qeydə alınıb. Yeni Həyat qəsəbəsində 1963-cü il təvəllüdlü Musayev Züriyyət Əli oğlunu ildırım vuraraq öldürüb.

"Bizə zəng gəldi, əmioğlunun qızı zəng etdi ki, qardaşını şimşək vurub. Gedəndə gördük ki, baş hissəsi təmz yanıb, mədəsinin üstündən də deşik açılıb. Telefonla danışırmış. Bundan 40 metr aralıda olan adama heç nə olmayıb. Aralıdan küləyi vurub. Deyir, şimşək çaxanda heyvanlar qaçıb, Zürriyyət qalıb. Elə o dəqiqə də ölüb", - deyə mərhumun qardaşı Nüsrət Musayev bildirib.

Şəmkir rayonunun Zəyəm qəsəbə sakini Diləfürüz Qurbanova da ildırım vurması nəticəsində vəfat edib.

Gəncə sakini 24 yaşlı Orxan Quliyevi isə şəhərin Həsən Əliyev küçəsi ilə yolla gedərkən ildırım vurub. Yaralı dərhal Zülfüqar Məmmədov Gəncə Şəhər Xəstəxanasına yerləşdirilib. Ona müvafiq tibbi yardım göstərilib.

Zaqatalanın Yuxarı Tala kəndinin sakini Maarif Aslanova məxsus evə ildırım düşməsi ilə yanğın baş verib.Yanğın nəticəsində evin yanar konstruksiyaları 60 kv/l-lik sahədə yanıb, ev əşyaları isə tam yararsız vəziyyətə düşüb.

Bu arada, Fövqəladə Hallar Nazirliyi  ildırım təhlükəsi ilə bağlı əhaliyə müraciət edib. Nazirlik bir daha əhaliyə müraciət edərək ildımla bağlı təhlükəsizlik qaydalarına ciddi riayət etməyə çağırıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Xəbər lenti