Xəzər Xəbər

Müharibədən sonra 361 nəfər mina qurbanı olub VİDEO

Veb TV | 22:32 • 30 May 2024
Müharibədən sonra 361 nəfər mina qurbanı olub

Azərbaycan 30 ilə yaxın davam edən münaqişə və torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində ərazilərinin minalarla çirklənməsi problemindən əziyyət çəkir və dünyada minalarla ən çox çirklənmiş ölkələr sırasındadır. Ölkə ərazisinin təxminən 12 faizi ilkin qiymətləndirmələrə görə 1,5 milyon mina və naməlum sayda partlamamış hərbi sursatlarla çirkləndirilib.

Xezerxeber.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Zəngilan şəhərində keçirilən “Minaların ətraf mühitə təsirinin azaldılması – Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb. 

“Müharibənin 2020-ci ildə başa çatmasından bu günə qədər əksəriyyəti mülki olan 361 vətəndaşımız mina qurbanı olmuş, onlardan 68-i həlak olmuş, 293-ü isə ağır yaralanmışdır. Ümumilikdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-dən çox vətəndaşımız minalardan zərər çəkmişdir, onlardan 358-ni uşaqlar, 38-ni isə qadınlar təşkil edir. Mina qurbanlarının sayının gündən-günə artmasının əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı digər obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir”, - deyə müraciətdə qeyd olunub. 

Müraciətdə o da qeyd olunub ki, bu günə qədər aparılan minatəmizləmə prosesi nəticəsində 140 min hektara yaxın sahə 119 min 946 mina və partlamamış hərbi sursatlardan təmizlənib. Lakin minalanmış ərazilər bundan daha genişdir. Ölkəmiz humanitar minatəmizləmə fəaliyyətini demək olar ki, tam şəkildə öz resursları hesabına həyata keçirir. Minaların humanitar fəsadlarının aradan qaldırılması, torpaqların minalardan təmizlənməsi üçün beynəlxalq ictimaiyyətin adekvat siyasi və praktiki dəstəyi mühüm əhəmiyyət kəsb edir. 

BMT Baş katibinin köməkçisi İvana Jivkoviç deyib ki, Azərbaycan ətraf mühitin qorunması və dayanıqlı inkişafın təmini üçün böyük işlər görməkdədir. Minaların torpaqları çirkləndirdiyini bildirən BMT rəsmisi əsas məqsədin minalarla çirkləndirilmiş əraziləri yenidən insanlara istismar üçün bərpa etmək olduğunu deyib. 

Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, işğaldan azad edilmiş ərazilər minalardan başqa digər partlayıcılarla da çirklənib. Hazırda ərazilərdə minatəmizləmə işləri davam etdirilir. 

Qeyd edək ki, beynəlxalq humanitar minatəmizləmə konfransının iştirakçıları tədbirdən sonra Zəngilan məscidində olublar. Qonaqlara  məscidlə bağlı məlumat verilib. İştirakçılar daha sonra  Ağalı kəndinə gediblər və burada  məktəbdə olublar. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti