Ölkəyə slikon qablarda gətirilən narkotik vasitələrin dövriyyəsinin qarşısı alınıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ölkə ərazisinə İrandan qeyri-ənənəvi üsullarla göndərilən narkotik vasitələrin dövriyyəsinin qarşısının alınması məqsədilə növbəti əməliyyat keçirib. Tədbirlərlə Cəlilabad rayon sakini 1984-cü il təvəllüdlü Mübariz Ağayev paytaxt ərazisində saxlanılıb. Ondan təmir işlərində istifadə olunan qara rəngli slikon qablarda yerləşdirilən 6 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana aşkar edilib.
M.Ağayev həmin narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Sadıx” adlı şəxsin tapşırığı ilə karqo şirkətlərindən birindən slikon qabların içərisində yerləşdirilmiş formada əldə etdiyini bildirib. Saxlanılan şəxs narkotikləri pul qarşılığında paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirərək bu barədə iranlı narkotacirə məlumat verməli imiş. Slikon qablarda aşkarlanan narkotiklər ölkəyə gətirilərkən onların yükləri skan edən rentgen aparatında oxunmaması üçün qablaşdırma zamanı xüsusi kimyəvi materiallardan istifadə olunub.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat tədbirləri davam etdirilir.